Əsası 1885-ci il sentyabr ayının 20-də qoyulan Şərur rayonundakı Cəlilkənd orta məktəbi Azərbaycanda xalq təhsilinin inkişafına, gənc nəsilin yetişməsinə böyük töhfələr vermiş, şərəfli inkişaf yolu keçmişdir. XIX əsrin sonlarında Naxçıvanda özünün yüksəliş dövrünü yaşayan maarifçilik hərəkatının yadigarlarından olan Cəlilkənd məktəbi fəaliyyət göstərdiyi bütün dövrlərdə qabaqcıl pedaqoji ənənələri qoruyub saxlamış və inkişaf etdirmişdir. Əhalisinin əksəriyyəti Azərbycanlılardan ibarət olan keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında ikisinifli zemstvo məktəbi kimi fəaliyyətə başlayan Cəlilkənd məktəbi qabaqcıl təhsil ocaqlarından biri kimi məşhurlaşmış, buraya nəinki Cəlilkənd, eyni zamanda ətraf və digər kəndlərdən də gələrək təhsil almışlar. Cəlilkənd məktəbinin təhsili sahəsində nailiyyələri barədə həmin dövrdə çap olunan “Obzor Erivanskoy qubernii”, “Pamyatnaya kniqa Erivanskoy qubernii” və “Kavkazskiy kalendar” kimi nəşrlərdə ətraflı məlumatlar verilmişdir.
Cəlilkənd məktəbinin ilk nəzarətçi müdiri dövrünün tanınmış ziyalısı, Qori Müəllimlər Seminariyasının məzunu Əliməmməd Xəlilov olmuşdur. Müxtəlif vaxtlarda bu məktəbdə Əbülqasım Sultanov, Məmməd bəy Qazıyev, Fərzəli bəy Fərzəlibəyov, Tağı bəy Səfiyev kimi ömrünü xalq təhsilinə həsr etmiş müəllimlər çalışmışlar. Görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 1887-ci ildə bu məktəbdə çalışması məktəbin həyatında silinməz izlər qoymuşdur. Öz növbəsində buradakı müəllimlik fəaliyyəti də Cəlil Məmmədquluzadəyə təsir göstərmiş, böyük ədib bədii yaradıcılığa bu kənddə başlamış və 1889-cu ildə ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik dramını yazmışdır.
Ötən əsrin əvvəllərində Cəlilkənd məktəbi beşsinifli rus-tatar məktəbinə, 1920-ci ildə yeddisinifli natamam orta tədris ocağına çevrilmiş, 1944-cü ildə isə orta məktəb kimi fəaliyyətə başlamışdır. 1957-ci il mart ayının 4-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Muxtar Respublikada teatr sənətinin inkişafında da Cəlilkənd məktəbinin mühüm rolu olmuş, 1889-cu ildən etibarən bu məktəbdə müəllim və şagirdlərin təşəbbüsü ilə teatr tamaşaları təşkil edilmiş, əldə olunan vəsait kasıb şagirdlərə və məktəbin inkişafına sərf olunmuşdur.
Cəlilkənd məktəbi yarandığı ilk gündən onun yanında kitabxana fəaliyyət göstərmiş, 1901-ci ildə məktəbin kitabxanasında 825 adda 1816 kitab və dərslik olmuşdur.
Ölkəmizin qocaman təhsil müəssisələrindən olan Cəlilkənd məktəbində gənc nəslin təlim-tərbiyyəsində mühüm nailiyyətlər qazanılmışdır. Göstərmək kifayətdir ki, məktəbin məzunlarından 50 nəfərə qədəri ömrünü elm sahəsinə həsr etmiş və yüksək elmi dərəcələr almışlar.
Yuxarıda qeyd olunanları əsas götürərək qərara alıram:
1.2006-ci ilin sentyabr ayında Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubileyi keçirilsin. 2.”Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin planı” təsdiq olunsun.
3.Şərur Rayonu İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 10 iyul 2006-cı il
№ 39-03/S
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 10 iyul tarixli 39-03/S nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
ŞƏRUR RAYONUNDAKI CƏLİLKƏND ORTA MƏKTƏBİNİN 120 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ İLƏ
ƏLAQƏDAR TƏDBİRLƏRİN
PLANI
S/s |
Tədbirin adı |
İcraya məsuldur |
İcra müddəti |
1 |
Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubileyi ilə əlaqədar tədbirlərin təşkili |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aid şöbələri |
İyul- sentyabr 2006-cı il |
2 |
Naxçıvanda maarifçiliyin inkişaf tarixinə həsr olunmuş elmi konfransın keçirilməsi |
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu |
Sentyabr, 2006-cı il |
3 |
Cəlilkənd orta məktəbinin 120 illiyinə həsr olunmuş “120 yaşlı məktəb” kitabının nəşr olunması |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq şöbəsi |
Sentyabr, 2006-cı il |
4 |
Gənc alimlərin pedaqogika sahəsində tədqiqatlara, Naxçıvan Muxtar Respublikasında maarifçiliyin və təhsil i.inin təşkili ilə əlaqədar elmi araşdırmalara cəlb olunması |
Azərbaycan Milli elmilər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti |
mütəmadi |
5 |
Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrində Cəlilkənd orta məktəbinin 120 illiyinə həsr olunmuş tematik yazıların, arxiv materiallarının hazırlanıb çap olunması, keçirilən tədbirlərin operativ işıqlandırılması |
Muxtar respublikaının kütləvi informasiya vasitələri |
İyul- sentyabr 2006-cı il |