Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı
Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə distant və interaktiv təhsilin təşkilinə, elektron vasitələrdən istifadəyə üstünlük verilir. Təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada elmi potensialı da gücləndirmiş, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksəkixtisaslı professor-müəllim heyəti formalaşmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələri daha da gücləndirmək məqsədilə qərara alıram:
1.Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunsun.
2.Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 14 mart 2015-ci il