Türkiyənin İzmir şəhərində işıq üzü görən “Adabelen” jurnalında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “Azərbaycanlı şair Məmməd Arazı tanıyaq” sərlövhəli məqaləsi dərc olunub.
Naxçıvan bürosu xəbər verir ki, müəllif məqalədə Azərbaycan poeziyasının milli iftixarı olan Məmməd Arazın həyatı və yaradıcılığı barədə oxuculara ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də yaşadaraq davam etdirən Xalq şairi Məmməd Arazın adı böyük ehtiramla anılır. Onun əsərləri gənc nəslə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayır. Doğma Vətənini sonsuz məhəbbətlə sevən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən ayrı təsəvvür etmək mümkün deyil.
Müəllif vurğulayıb ki, Məmməd Arazın nəsillərə örnək olan zəngin və bənzərsiz yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb edir. O, parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə bu gün ölkədən kənarda da tanınır və sevilir.
Məqalədə şairin yaradıcılığına və “Səba yeli” şeirinə yer verilib.