Bu gün muxtar respublikada təhsilalanlar və təhsilverənlərin yüksək səviyyədə hərtərəfli şəraitlə təmin olunması, gələcəyimiz olan gənc yeniyetmələrin maariflənməsi, onların vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunması, ixtisaslı bir gənc kimi formalaşması diqqətdə saxlanılır. Muxtar respublikada tələbələrin orta ixtisas təhsili müəssisələrində təhsil almaları və təhsillərini bitirdikdən sonra işlə təmin olunmaları üçün hər cür şərait yaradılır. Buna görə də, fevralın 21-dən martın 12-nə qədər ümumi orta təhsil (9 illik) bazadan orta ixtisas təhsili müəssisələrinə aparılan ərizə qəbulunda muxtar respublika məktəbliləri fəallıq göstərmişdir.
Orta ixtisas təhsili müəssisələrinə 9 illik bazadan keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün muxtar respublika məktəblilərindən 655-i oğlan, 621-i isə qız olmaqla, ümumilikdə 1276-sı ərizə verib. Bu isə ötən illə müqayisədə 25 faiz çoxdur. Bu nəticə isə abituriyentlərin təhsilin bu pilləsinə marağının daha da artdığının göstəricisidir.