Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.
Naxçıvan Qarnizonu tam orta məktəbinin 10-cu sinif şagirdləri Lamiyə Hacıyeva və Ayişə Əsgərova AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında xəritə hazırlayıblar.
Muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə ağac üzərində yandırma üsulu ilə işlənilib, iki milli-mənəvi dəyərin sintezini-tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirir.