Muxtar respublika ümumtəhsil məktəblərinin kompüter avadanlığı və digər rəqəmsal avadanlıqlarla təmin edilməsi, mövcud şəbəkə avadanlığının və proqram təminatının işlək vəziyyətdə saxlanması üçün texniki dəstək xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində təsis edilmiş “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada bütün ümumtəhsil məktəblərinin elektron texniki avadanlıqlarına servis xidməti göstərir.
Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə, eləcə də muxtar respublikada təhsil müvəqqəti dayandırıldığından Texniki Servis Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, Mərkəz tərəfindən bu müddət ərzində Naxçıvan şəhər Təhsil Şöbəsinin əhatə etdiyi tədris müəssisələrinin hamısında profilaktiki tədbirlər görülmüş, məktəblərdə olan innformasiya və kommunikasiya texnologiyaları, kompüter, elektron lövhə və digər avadanlıqlarla bağlı sazlama işləri aparılmış, yaranan qüsurlar yerindəcə aradan qaldırılmışdır.
Aprelin 20-dən isə qrafikə uyğun olaraq Mərkəz Şahbuz rayonunun tabeliyində olan ümumtəhsil məktəblərində profilaktiki tədbirlərə başlamışdır. Mərkəzin əməkdaşları məktəblərdə olan bütün kommunikasiya və informasiyaya aid elektron avadanlıqları-kompüter, elektron lövhələr, proyektor və digərlərində aşkar edilmiş qüsurları aradan qaldıracaq, dəyişilməyə ehtiyacı olan hissələr Təhsil Nazirliyi tərəfindən təmin edilmiş ehtiyyat hissələrlə əvəz ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti