Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir.
Bundan sonra Zərifə xanım Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirmişdir. Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr etmişdir. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Gənc alim Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçilmişdir. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra, Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlamışdır.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlamışdır.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra, Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilmişdir. 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. 1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Geyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadındır.
Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsulliyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində dünyasını dəyişdi. Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmiş, bundan sonra da təsir göstərəcəkdir.
Onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqının yaddaşına daimi olaraq həkk olunmuşdur. Zərifə xanım Əliyeva urəklərdə, qəlblərdə yaşayacaq, həmişə xatırlanacaq və həmişə yad ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin Mətbuat Xidməti