Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, son illərdə Naxçıvanda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, ən müasir infrastrukturla, maddi-texniki baza, pulsuz dərsliklərlə təchiz olunub. Bu gün, demək olar ki, nəinki şəhər və rayon mərkəzlərində ucqar kəndlərimizdə belə gələcəyimiz olan şagirdlərimizin təhsil almaları üçün müasir tədris şəraiti yaradılıb.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışıdır.
2015-ci il sentyabrın 15-də - Bilik Günündə istifadəyə verilmiş Lisey binası zirzəmi qatı ilə birlikdə beş mərtəbədən ibarətdir. Lisey tədris və yataqxana korpuslarından ibarətdir. 380 yerlik tədris korpusu 5-i elektron lövhəli olmaqla 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər otağı, 55 yerlik akt zalı, kitabxana, arxiv və bufetlə təchiz olunmuşdur. Liseydə internetlə bağlantısı olan 45 kompüter quraşdırılmış, kitabxana 4 min 184-ü dərslik, 2 min 65-i bədii ədəbiyyat olmaqla 6 min 249 kitab və eyni zamanda elektron dərsliklərlə zənginləşdirilmişdir. Şagirdlərə elektron lövhələr vasitəsi ilə muxtar respublikanın müxtəlif muzeylərindən birbaşa yayımlanan interaktiv dərsləri izləmək imkanı yaradılmışdır.
Təhsil müəssisəsinin 273 yerlik yataqxanasında 5 və 3 yerlik 87 yataq otağı, növbətçi, nəzarətçi və istirahət, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, ərzaq anbarları, bərbərxana, təsərrüfat otağı və camaşırxana vardır. Otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur. Bütün bunlar isə şagirdlərin sağlam böyüməsinə, hərtərəfli inkişafına səbəb olan amillərdir.
Liseydə təhsil alan 237 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. 5 ildir fəaliyyət göstərən liseyi 76 məzun bitirmişdir. Məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışlar. 28 məzunun göstəricisi isə 500-700 bal intervalında olmuşdur. Məzunlardan 3-ü qızıl, 1-i gümüş, 14-ü isə fərqlənmə attestatı ilə məktəbi bitirmişdir.
Liseydə pedaqoji proses “müəllim-şagird” əməkdaşlığı üzərində qurulmuşdur. Həmçinin müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri burada təlim-tərbiyənin yüksəldilməsində başlıca istiqamətlərdən hesab olunur.
Müasir tədris şəraiti yaradılan liseydə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan istedadlı uşaqlar təhsil alırlar. Burada təhsil alan şagirdlər dövlət hesabına yataqxana və yüksək keyfiyyətli yeməklə təmin edilirlər. Liseydə təhsil iki pillədə - ümumi orta və tam orta təhsil pillələrində aparılır. Həmçinin burada təhsil alan istedadlı şagirdlər fizika və riyaziyyat fənləri üzrə yüksək səviyyədə hazırlıqla təmin edilirlər.
Liseydə təhsil almaq üçün hər keçən il müraciət edən şagirdlərin sayı artmaqdadır. Liseyə qəbul ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Qeyd edək ki, hazırda liseyə 2020-2021-ci tədris ili üzrə şagird qəbuluna başlanılıb. 2020-2021-ci tədris ili üzrə 2020-ci il mayın 6-da start verilmiş sənəd qəbulu mayın 29-dək davam edəcəkdir.
10 iyun 2020-ci il tarixdə test formatında keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır. Ümid edirik ki, yeni tədris ili üçün Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə tam müasir standartlarla təchiz olunmuş şəraitdə təhsil almaq istəyən istedadlı şagirdlər müsabiqədə fəal iştirak edəcəklər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti