Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda oğlanlarla yanaşı qızlara da fəaliyyətin istənilən növlərində bərabər imkanlar verilir. Bu özünü təhsildə də açıq şəkildə biruzə verməkdədir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir.
Liseyin fəaliyyətində əsas məqsəd burada təhsil alaraq formalaşan hər bir şagirdin təhsilini hansı istiqamətdə davam etdirməsindən asılı olmayaraq savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan, milli-mənəvi dəyərlərimizə sadiq və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi böyüməsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin diqqət və qayğısı sayəsində Naxçıvan Qızlar Liseyinin fəaliyyəti üçün zəruri tədris şəraiti yaradılmışdır. 608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin binası 2011-ci ildə yenidən əsaslı təmir olunaraq müasir infrastrukturla zənginləşdirilmişdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan liseyin binasında 29 sinif otağı, 3 laboratoriya, 4 elektron lövhəli sinif, internetə çıxışı olan 2 kompüter otağı, müəllimlər otağı və idman zalı yerləşir. Bundan başqa, binada 2 şahmat otağı (otaqlardan biri elektron lövhəli), idman zalı, musiqi otağı da ayrılıb ki, həmin otaqlar da lazım olan müasir avadanlıq və infrastrukturla təmin olunub.
Həmçinin liseydə tədrisin keyfiyyətinin artırılması məqsədilə klassik və müasir Azərbaycan, eləcə də, dünya ədəbiyyatı nümunələri, ensiklopediyalar ilə zəngin kitabxananın olması şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açıb. Binada yerləşən kimya, biologiya və fizika laboratoriyaları tədris avadanlıqları ilə zəngindir. Bu laboratoriyalarda müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. İlk tibbi yardım kabinəsi lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunub ki, burada şagirdlərə ilk tibbi yardımın sirləri öyrədilir. Liseydə həmçinin musiqi dərslərinin yüksək səviyyədə tədrisi üçün piano ilə təmin olunmuş musiqi otağı da mövcuddur.
Hazırda Liseydə 380 şagird təhsil alır. Muxtar respublikanın 60 qabaqcıl müəllimi burada təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 4-ü “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 1-i “Tərəqqi” medalı ilə təltif olunmuş, 2-si isə ”İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
Bundan əlavə, liseydə şagirdlərə xüsusi proqram əsasında siniflər üzrə qrafikə uyğun olaraq hər həftə mənəviyyat dərsləri və mənəviyyat seminarları keçirilir ki, həmin seminarlarda da ailə dəyərləri, əxlaqi və insani keyfiyyətlər qızlara aşılanır. Liseydə həm məişət işlərinin öyrədilməsi, həm də milli mətbəximizin aşılanması məqsədilə “Kulinariya”, xalqımızın milli naxışlarının yaşadılması və öyrədilməsi məqsədilə “Tikiş-toxuculuq”, qədim el sənəti olan xalça toxumağın unudulmaması və öyrədilməsi məqsədilə “Xalçaçılıq” dərnəkləri təşkil edilib. Onu da qeyd edək ki, dərnəklərin keçirilməsi üçün xüsusi olaraq liseydə əmək kabinəsi, xalçaçılıq otağı yaradılıb. Bütün bunlar gələcəyin xanımlarına o məqsədlə aşılanır ki, böyüməkdə olan gənc qızların hər biri gələcəyin anası, gələcəyin övlad tərbiyəedicisi və gələcəyin ailə başçılarıdır. Gələcəyin anaları - bugünkü gənc qızlar nə qədər savadlı və nə qədər vətənpərvər olsalar, gələcəkdə öz övladlarını da o ruhda tərbiyə edəcəklər.
Liseydə dərslər ümumtəhsil məktəblərinin tədris proqramı əsasında keçirilir. Burada şagirdlər məktəbdə isti yemək və çayla təmin olunurlar. Günün ikinci yarısında tərbiyəçi müəllimlərin nəzarəti ilə məşğələlər başlayır. Məşğələlərdə şagirdlərə növbəti günün dərslərinin hazırlanmasında köməklik göstərilir.
Həmçinin liseydə vaxtaşırı şagirdlərin muzeylərə ekskursiyası, şeir, rəsm, inşa yazı və dram müsabiqələri, əl işlərindən ibarət müxtəlif sərgilər təşkil olunur. Eyni zamanda muxtar respublika üzrə təşkil edilən yaradıcılıq sərgilərində də liseyin şagirdləri fəal iştirak edirlər.
Məktəbdə şagirdlər asudə zamanlarını dəyərləndirmək üçün şahmatla və idmanla (voleybol, basketbol, stolüstü tennis) da məşğul olurlar. Liseyin idmana böyük maraq göstərən şagirdləri beynəlxalq idman yarışlarında iştirak edərək qabaqcıl yerlərə layiq görülmüşlər. Bununla yanaşı, dərs saatları bitdikdən sonra, elektron lövhələrdə tarixi adət-ənənələrimizi, özündə nümayiş etdirən Azərbaycan filmləri də şagirdlərə nümayiş olunur.
Muxtar respublikada təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, liseydə hər il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan şagirdlərin sayı artır. Son 5 il ərzində məktəbin məzunlarından 49 nəfəri 500-700 intervalında bal toplayıblar. Lisey fəaliyyətə başlayandan bu tədris ilinədək məzunlardan 5-i qızıl, 3-ü gümüş medala, 16-sı isə fərqlənmə attestatına layiq görülmüşdür. 2016-2017-ci tədris ilinin məzunu Fərəcova Günnar Yaşar qızı ali məktəblərə qəbul imtahanlarında 691 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş və topladığı bala görə muxtar respublika birincisi olmuşdur. Ötən tədris ilində isə liseyi 48 məzun bitirmişdir ki, onlardan da 1-i qızıl, 1-i gümüş medala, 4-ü fərqlənmə attestatına layiq görülmüş, 13-ü isə 500-700 intervalında bal toplamışdır.
Bu il fənn olimpiadalarında XI sinif şagirdləri Babayeva Adilə “Riyaziyyat” fənni üzrə I, Qurbanova Türkan “Riyaziyyat” və Rəhimli Jalə isə “Biologiya” fənni üzrə II yerə layiq görülmüşlər. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Sabahın tədqiqatçıları” layihəsində liseyin IX sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi Moskvada keçirilən Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində III dərəcəli diploma layiq görülmüşdür. Nuray Məmmədovanın layihəsi ikinci dəfə həmin müsabiqənin növbəti mərhələsində onlayn şəkildə iştirak edərək II yerin qalibi olmuş, medal və diploma layiq görülmüşdür.
Müasir tədris şəraiti ilə təmin olunmuş liseyə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər. Liseydə təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır. Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların liseyə qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.
Bu il də 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdlərinin liseyə sənəd qəbuluna start verilmişdir. 7 may 2020-ci il tarixdən başlanan sənəd qəbulu mayın 29-dək davam edəcəkdir. İyunun 11-də test formatında müsabiqə yolu ilə “Azərbaycan dili”, “Riyaziyyat” və “İngilis dili” fənləri üzrə keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaqdır.
Liseyin uğurlarının ilbəil artmasının nəticəsidir ki, muxtar respublikada bu təhsil ocağı yüksək nüfuz qazanmışdır. Hər il liseyə müraciət edənlərin sayı əvvəlki illərə nisbətən daha da artmaqdadır. Ümidvarıq ki, muxtar respublikanın müxtəlif istiqamətlərindən müsabiqədə iştirak etmək istəyən xanım şagirdlər ötən illərə nisbətən imtahanlarda daha fəal iştirak edəcəklər. Müsabiqədə iştirak etmək üçün səylə hazırlaşan hər bir şagirdə uğurlar arzulayırıq!
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti