Mayın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə abituriyentlər üçün psixoloji dəstək məqsədilə “İmtahana hazırlaşırıq” mövzusunda onlayn müzakirə keçirilib. Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə saat 1100-da keçirilən müzakirədə
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin 50, Heydər Əliyev adına tam orta məktəbin isə 15 abituriyenti olmaqla ümumilikdə 65 XI sinif şagirdi, saat 1330-da isə Şərur Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin 50, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin 15 abituriyenti olmaqla ümumilikdə 65 XI sinif şagirdi iştirak etmişdir.
Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının hüquqşünası Aygün Məmmədovanın “Abituriyentlər üçün ali və orta ixtisas (11 illik bazadan) təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları və cari ildə bu Qaydalara edilmiş yeniliklər”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Buraxılış və qəbul imtahanlarına hazırlığın effektiv yolları və ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin psixoloqu Könül Kərimovanın isə “Abituriyentlərə imtahanqabağı psixoloji dəstək” mövzularındakı çıxışları dinlənilib. Müzakirədə cari ilin abituriyentləri üçün buraxılış və qəbul imtahanının keçirilmə qaydaları haqqında geniş məlumat verilmiş, onlara imtahan zamanı yol verməsi qadağan olunan hərəkətlər izah edilmişdir. Pandemiya ilə əlaqədar buraxılış imtahanı proqramlarında mart ayından sonrakı mövzuların çıxarıldığı bildirilmiş və həmin mövzular abituriyentlərin diqqətinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, abituriyentlər qarşıdan gələn imtahanlara yaxşı hazırlaşmalı, nəticələrə uyğun düzgün ixtisas seçimi etməli və topladıqları bala uyğun ali təhsil müəssisəsini düzgün seçməlidirlər. Unutmamalıdırlar ki, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi hər bir məzun üçün vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abituriyentin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.
Sonda mövzularla bağlı suallar cavablandırılmış, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verilmişdir.
Onlayn müzakirələr digər rayonların abituriyentləri üçün də təşkil olunacaqdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti