22 may 2020-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Dövlət Tarix Muzeyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhər ümumtəhsil məktəblilərinin iştirakı ilə “28 May-Respublika günü”nə həsr olunmuş “Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda virtual ekskursiya təşkil olunmuşdur.
Onlayn ekskursiya zamanı muzeyin bələdçisi Nuri Xavər “28 May - Respublika Günü”nün yaranma tarixindən danışmış, bu tarixi günlə bağlı şagirdlərə geniş məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. Cümhuriyyət 23 ay yaşamasına baxmayaraq, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdir. Bu müddət ərzində ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni yaradılmış, ana dili dövlət dili elan edilmiş, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmişdir.
Virtual ekskursiya şagirdlər tərəfindən maraqla qarşılanmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti