Babək rayon ümumtəhsil məktəblərinin direktorları və hərbi rəhbərləri ilə vətənpərvərlik mövzusunda onlayn müzakirə keçirilib. Müzakirədə “Şagirdlərə vətənpərvərlik hissinin aşılanması” mövzusunda söhbət aparılıb.
Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək bildirib ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən əsasını, heç şübhəsiz, təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumi təhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün geniş imkanlar var. Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən Gənclərin çağırışaqədərki hazırlığı fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli –mənəvi şüurunun formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir.
Sonra Babək Rayon Təhsil Şöbəsinin hərbi işləri üzrə metodisti Bağırov Rüstəm qeyd etdi ki, şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir. Şagirdlərlə mütəmadi olaraq bu istiqamətdə söhbətlər aparmalı, qəhrəmanlıq nümunələrindən danışmalıyıq. Parta arxasında əyləşən hər bir şagirdimiz yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların övladlıq borcudur. Biz də şagirdlərimizi Vətənimizin fəal müdafiəsinə hazırlamalı, ilkin hərbi vərdişləri öyrətməliyik. Şagirdlərin hər biri yaxşı bilir ki, Aprel döyüşlərində, Günnüt zəfərində düşmənə qan udduran qəhrəman oğlanlarımız da vaxtilə parta arxasında əyləşiblər.
Onlayn müzakirə sual-cavab şəklində yekunlaşıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti