Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun əhatə etdiyi ümumtəhsil məktəblərinin IX sinif şagirdlərilə buraxılış imtahanlarının nəticələri onlayn şəkildə müzakirə edilib. Müzakirədə Rayhon Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak edib. Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək bildirib ki, yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq.
Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan keçirilməsinin nəzərdə tutulması şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlərin diqqətinə çatdırılıb ki, martın 1-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş və orta ixtisas təhsili müəssislərinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər müsabiqədə iştirak etmək üçün iyun ayında keçiriləcək imtahanda mütləq iştirak etməlidirlər. Qeyd edilib ki, həmin imtahanlarda rayonun 641 şagirdi iştirak edib.
Müzakirə zamanı hər bir şagirdin fənn üzrə nəticələri məktəb direktorlarının diqqətinə çatdırılıb, nəticələrin fənn müəllimləri ilə geniş şəkildə müzakirə edilməsi tövsiyyə edilib.
Sonda orta ixtisas təhsil müəssislərinə sənəd vermiş şagirdlərlə əlaqələrin daha da gücləndirilməsi, onlara keçirilən onlayn dərslərin daim diqqətdə saxlanılması üçün müəllimlərə tapşırıqlar verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti