Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” adlı Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilib.
Mövcud vəziyyətlə bağlı onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı,
ənənəvi folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Həmin müsabiqədə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Tahirov Bayram Tural oğlu Rəqs nominasiyası üzrə, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Vəliyeva Məleykə Aftandil qızı isə Klassik instrumental ifaçılıq nominasiyası üzrə onlayn şəkildə iştirak etmişlər. Hər iki şagirdin çıxışı qiymətləndirilərək həvəsləndirici yerə layiq görülmüşdür. Uğur qazanan şagirdlər “Qran Pri” diplomu ilə mükafatlandırılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hər il keçirilən “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında Naxçıvanlı məktəblilər ilk dəfə iştirak edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti