Babək Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə birgə iclas keçirilib. İclasda rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları iştirak edib.
Onlayn şəkildə keçirilən iclasda rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək, mövcud vəziyyətlə əlaqədar məktəb rəhbərlərinə və təlim-tərbiyə işləri üzrə direktor qısa müddətdə illik qiymətləndirmələri başa çatdırmalarını tövsiyə edib. Şöbənin müdiri həmçinin IX-XI sinif şagirdlərinin qiymətlərinin “Şagird-Məzun” sisteminə işlənməsini də tapşırıb.
İclasda məktəbdaxili qiymətləndirmənin II-XI sinif şagirdlərini əhatə edəcəyi vurğulanıb, qiymətləndirmənin aparılması qaydası əyani vasitələrlə nümayiş etdirilib.
Onlayn iclasda buraxılış və qəbul imtahanları ilə əlaqədar məsələlər və cari məsələlər də müzakirə edilib.
Sonda iclasda iştirak edən məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti