Babək rayon Şəkərabad kənd tam orta məktəbinin VIII-X sinif şagirdləri arasında ingilis dilində “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirin əsas məqsədi Milli Qurtuluş Gününün önəmini şagirdlərə izah etmək və şagirdlərdə ingilis dilində səlis danışmaq vərdiş və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Şəkərabad kənd tam orta məktəbinin təşkilatçısı, eyni zamanda ingilis dili müəllimi Aytəkin Babayeva ilk əvvəl “15 İyun - Milli Qurtuluş Günü” haqqında ingiliscə şagirdlərə məlumat verərək qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Müxtəlif siniflərdən iştirak edən şagirdlərin hər biri ümummilli liderin həyat yolu və “Azərbaycan dövlətçiliyi”, “Qurtuluşa gedən yol” başlıqları altında ingilis dilində fikirlərini səlis və aydın şəkildə ifadə ediblər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti