Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Natella Rzayeva tərəfindən şəhər ümumtəhsil məktəblərinin şagirdləri üçün biologiya fənnindən AMEA Naxçıvan bölməsinin “Nəbatat” bağından “Təbii birliklər və ekoloji sistemlər” mövzusunda virtual ekskursiya təşkil olunub. Onlayn ekskursiya zamanı mövzunun VI, VII və IX siniflərdə tədris olunduğu nəzərə alınmış, ekskursiya şəhər ümumtəhsil məktəblərinin qeyd olunan siniflərindən 100 nəfərə yaxın şagird tərəfindən izlənilmişdir.
Ekskursiya zamanı təbii birliklər, ekoloji sistem, biosenozun strukturu və qida zənciri haqqında ətraflı izah verilib, biosenozda mövcud olan yaruslar virtual şəkildə göstərilib. Biogeosenozların insanlar tərəfindən suni surətdə yaradılmasının da mümkün olduğu qeyd edilərək süni və təbii biogeosenozların fərqləndirilməsi aparılıb. Bioresurslar İnstututunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev “Nəbatat” bağının istixanasında müəyyən şərtlər altında saxlanılan və Naxçıvan Muxtar Respublikasının florasına daxil olmayan bitki növləri ilə şagirdləri tanış edib. Ekskursiya şagirdlərin böyük marağına səbəb olub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti