Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən şəhərin ümumtəhsil məktəblərinin kitabxanaçıları və yuxarı sinif şagirdlərinin birgə iştirakı ilə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının şəkil və videoçarxlar formasında onlayn təqdimatı keçirilib.
Onlayn təqdimatın keçirilməsində əsas məqsəd şagirdlərin mütaliə və nitq mədəniyyətinin formalaşdırılması ilə yanaşı onların informasiya-komnukasiya texnologiyalarından istifadə bacarığı və qabiliyyətlərinin üzə çıxarılmasından ibarətdir.
Təqdimatda Naxçıvan şəhər 5 saylı tam orta məktəbin şagirdi Mirsadiq Seyidov “Kitabi-Dədə Qorqud dastanının tərbiyəvi əhəmiyyəti”, 8 saylı tam orta məktəbin şagirdi Aysel Ağalarova “Kitabi-Dədə Qorqud dastanı ilk yazılı mənbəyimizdir”, 11 saylı tam orta məktəbin şagirdi Nurşən Əsədzadə “Dastanda oğuz türklərinin yaşayış tərzi və adət-ənənələri”, 13 saylı tam orta məktəbin şagirdi Cansu Şadlinskaya “Dastanda qəhrəmanlıq nümunələri” mövzularında şəkil və videoçarxlar formasında onlayn təqdimat nümayiş etdiriblər.
Onlayn təqdimat məktəb kitabxanaçıları və şagirdlər tərəfindən maraqla qarşılanıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti