Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin direktorları, sinifdənkənar və məktəbdənkənar işlər üzrə direktor müavinləri və kitabxanaçıları arasında onlayn iclas keçirilib. İclasda çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov bildirib ki, 14 iyun tarixindən başlayaraq ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin kitablarının yığılmasına start verilsin.
Kitabların yığılması zamanı müvafiq siniflər üzrə qrafiklər hazırlansın, şəraitə uyğun olaraq kitabların yığılması həyata keçirilsin.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müvafiq göstərişinə əsasən Naxçıvan Muxtar Respublikasında texniki-peşə və sürücülük məktəblərində qazanxana maşınisti və gözətşi kursları fəaliyyətini bərpa etmişdir. Ümumtəhsil məktəblərində işləyən, lakin sertifkatı olmayan işçilərin həmin kurslara cəlb olunması məktəb rəhbərlərinə tapşırılıb.
Rayonda 2019-2020-ci tədris ilində XI sinif məzunlarından qızıl, gümüş və qırmızı attestata namizəd şagirdlərin adlı siyahısının rayon Təhsil Şöbəsinə təqdim olunması tövsiyyə edilib, ümumtəhsil məktəbləri üzrə pedaqoji şuraların onlayn şəkildə aparılması məktəb rəhbərlərinə tapşırılıb.
Sonda ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verilib, məktəb rəhbərlikləri tərəfindən verilmiş suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti