• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün781
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9470
mod_vvisit_counterBu ay5531
mod_vvisit_counterÜmumi2522347

Tarix: 04 May, 2024

Təhsilə göstərilən dövlət qayğısı innovativ layihələrin tətbiqinə geniş imkanlar açmışdır

Muxtar respublikada ixtisaslı kadr hazırlığı təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamətində yeni vəzifələr müəyyənləşdirmişdir.

 

Bu Sərəncam hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələri genişləndirməklə yanaşı, insan kapitalının inkişafına xidmət etmiş, kreativ düşüncəli yeni nəslin formalaşmasına, gənclər tərəfindən irəli sürüləcək yeni startap layihələrinin dəstəklənməsinə öz müsbət təsirini göstərmişdir.

Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində bir sıra layihələr tətbiq edilir.

İnteraktiv dərslər

Muxtar respublikada elektron təhsilin tətbiqini genişləndirmək, təhsil müəssisələrində virtual tədris mühiti formalaşdırmaq, tədrisin əyaniliyini və səmərəliliyini daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 20 iyun 2014-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam təhsil sahəsində interaktiv əlaqələrin təşkilində, distant təhsilin reallaşdırılmasında uğurların qazanılmasına şərait yaratmışdır.

Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Şahmat Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi ilə interaktiv dərslər keçirilmiş, məktəblərlə virtual əlaqə yaradılmış və şagirdlərin birbaşa olaraq məktəblərdən canlı şəkildə Azərbaycanın tarixi və mədəniyyətinə, milli-mənəvi irsimizə və digər mövzulara aid biliklərinin artırılması təmin edilmişdir. Həmçinin interaktiv dərslər vasitəsilə məktəblilər görkəmli şəxslərin həyat və yaradıcılığı ilə ətraflı şəkildə tanış olmaq imkanı əldə etmişlər. İnteraktiv dərslər şagirdlərin biliklərinin artmasına əsaslı şəkildə təkan vermişdir.

Nümunəvi dərslər

“Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində  nümunəvi dərslər təşkil edilir.

Nümunəvi dərslər elmi dərəcəsi olan müəllimlərlə ümumtəhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, şagirdlərdə tədris olunacaq fənlərə qarşı yeni yanaşma aşılayır, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Həmçinin ümumtəhsil məktəblərində nümunəvi dərslərin təşkili yeni, gərəkli və davamlı proses olmaqla, təhsildəki sistematikliyin və ardıcıllığın möhkəmlənməsinə, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da dərinləşməsinə, yeni nəsillərin hərtərəfli hazırlığına layiqincə xidmət göstərir.

Məktəbin pedaqoji və şagird kontingenti ilə əlaqələrin gücləndirilməsinə, keçilən dərslərin daha da maraqlı təşkil olunmasına geniş imkan yaradan nümunəvi dərslər tədrisdə yeni keyfiyyətlərin qazanılmasına, müəllim və şagirdlərin qarşılıqlı fikir mübadiləsində birgə iştirakına, fərqli dərs mühitinin yaradılmasına mühüm töhfələr vermişdir. Təkcə2019-2020-ci tədris ilində 917 saat nümunəvi dərs tədris edilmişdir. Tədris olunan nümunəvi dərslərdə elmlə təhsil arasında əlaqənin genişləndirilməsinə, məktəblilərin elmə marağının artırılması üçün mövzuların seçimi diqqətdə saxlanılmış, yuxarı sinif şagirdlərində ali təhsil müəssisələri ilə bağlı təsəvvürün formalaşmasına, şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsinə səy göstərilmişdir.

Sabahın tədqiqatçıları

Bu layihə ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsinə, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasına, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsinə xidmət edir. AMEA Naxçıvan bölməsi ilə birgə keçirilən layihə çərçivəsində alimlər tərəfindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər elmi himayəyə götürülmüş, onlarla birgə müəyyən edilmiş istiqamətlərdə tədqiqatlar aparılmışdır. Qısa zaman ərzində tətbiq edilməyinə baxmayaraq, layihə çərçivəsində şagirdlərimiz bir sıra uğurlar əldə etmişlər. AMEA Naxçıvan bölməsinin və ümumtəhsil məktəblərinin laboratoriyalarında aparılan tədqiqatlar uğurlu nəticələr vermişdir. Belə ki, layihə çərçivəsində bu günədək ümumilikdə 6 fərqli layihə üzrə 8 şagird ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif yerlərə layiq görülüblər. Onlardan 2-si “Sabahın alimləri” IX Respublika Müsabiqəsində   3-cü yerin qalibi olmuş, digərləri isə Rusiyanın müxtəlif şəhərlərində keçirilən yarışlarda müvafiq yerləri tutmuşlar.

Sabahın müəllimi

Bu layihə muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına xidmət edir. Layihə çərçivəsində pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilir, ümumtəhsil məktəblərində pedaqoji təcrübələrin təşkilinə xüsusi diqqət yetirilir, ixtisaslı kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması diqqətdə saxlanılır, sabahın müəllimlərinin innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni əks etdirən yeni layihələri (startaplar) dəstəklənir, məzunlar ümumtəhsil müəssisələrində olan vakansiyalarla və işə qəbul qaydaları ilə tanış edilir, dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirak edir, müəllim təcrübəsi paylaşılır.

Ötən tədris ilindən tətbiq edilən “Sabahın müəllimi” layihəsi ali məktəblərdə ixtisaslı kadr hazırlığına, bunun da nəticəsində ümumtəhsil məktəblərinin daha peşəkar, innovativ təcrübə əldə etmiş müəllimlərlə təminatına öz töhfəsini verməkdədir.

Təhsil Nazirliyi vaxtaşırı hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrlə bir sıra tədbirlər həyata keçirmiş, onların ümumtəhsil məktəblərində təcrübə keçmələrinə şərait yaratmışdır.

İnnovativ dərnəklər

Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə cari tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində     12 adda yeni innovativ dərnəklər - Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Sürətli oxu, Dulusçuluq, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dram və Gimnastika dərnəkləri fəaliyyət göstərir ki, həmin dərnəklər də zəruri avadanlıqlarla təchiz edilib.

Uşaqların bilik və bacarıqlarının aşkarlanması və daha da təkmilləşdirilməsində dərnəklərin böyük rolu var. Bu il Ali Məclis Sədrinin tapşırığına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-Aritmetik, Şərur rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Xalçaçılıq, Bijuteriya, Ebru sənəti, Toxuculuq, İngilis dili, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika, Mental-Aritmetik, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Bədii tikmə, Qum sənəti, Metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq və Heykəltaraşlıq dərnəkləri yaradılıb. Dərnəklərin yaradılması şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə və biliklərinin artırılmasında çox böyük rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında “İstedadlı şagirdlər” albom-kataloqunun nəşr olunması isə muxtar respublikada istedadlı şagirdlərə göstərilən dövlət qayğısının, onların istedadlarının işıqlandırılmasına yaradılan şəraitin daha bir təzahürüdür. Albom-kataloqda, ümumilikdə, innovativ dərnəklərin üzvlərindən 67 şagirdin dulusçuluq, metal üzərində bədii döymə, ağac üzərində oyma, toxuculuq, bədii tikmə kimi müxtəlif yaradıcılıq nümunələri yer almışdır.

Dərsdən sonra və Həftə sonu

Muxtar respublikada uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri də diqqətdə saxlanılır. “Dərsdən sonra” və “Həftə sonu” layihələri də məhz uşaqların asudə vaxtının və tərbiyəsinin düzgün təşkilinə, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılmasına xidmət edir.

Təhsildə innovativ layihələrin tətbiq edilməsi müasir təhsilin təkamülündə özünü göstərən, geniş və çoxcəhətli təşəbbüs və yenilikləri özündə əks etdirən, təlimin bütün forma və vasitələrinin inkişafına pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır.

Məlumdur ki, təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi təhsilalanların və təhsilverənlərin potensiallarının inkişafına müsbət təsir göstərir. Muxtar respublika təhsilində də keçirilən innovativ layihələr  təhsil iştirakçılarının xüsusi fəallığına səbəb olmuşdur. Bütün bunlar isə muxtar respublikada yaradılmış müasir təhsil infrastrukturu, təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Təhsil üçün yaradılan əlverişli şərait gələcəkdə də təhsilin inkişafına xidmət edəcək yeni layihələrin həyata keçirilməsinə genişimkanlar açır.

Ülviyyə HACIYEVA

Naxçıvan Mxutar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg