Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən mövcud vəziyyətlə əlaqədar “Evdə Qal Şahmat Oyna” şüarı altında bir sıra şahmat yarış və tədbirləri həyata keçirilir. Bu dövr ərzində şahmatçıların bacarıqlarını daha da zənginləşdirilməsi məqsədilə Federasiyanın “Youtube” kanalı yaradılmış və müəllimlər tərəfindən dərslər mütəmadi olaraq tədris edilmiş, şahmatçılarımızın inkişafı daim diqqətdə saxlanılmışdır.
Bundan əlavə iyun ayından başlayaraq qrafikə uyğun olaraq Naxçıvan Şəhər Şahmat Mərkəzinin müəllimləri tərəfindən I, II və III dərəcəli şahmatçılara həftənin müəyyən günlərində “Ustad dərslər” keçirilir.
Naxçıvan Şahmat Federasiyası tərəfindən 08 iyun 2020-ci il tarixdə təşkil olunan “Evdə Qal Şahmat Oyna” onlayn Blitz turnirində Naxçıvan Şəhər Şahmat Mərkəzinin I dərəcəli şahmatçısı İlkin Qəbulov rəqiblərini üstələyərək I yerə çıxmış və turniri qalib olaraq bitirmişdir.
Qeyd edək ki, İlkin Qəbulov Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Bundan əvvəl də, o bir sıra ölkədaxili və beynəlxalq şahmat yarışlarında Naxçıvan Muxtar Respublikasını təmsil etmiş və uğurlar qazanmışdır.
Eyni zamanda, bu uğur pandemiya dövründə keçirilən onlayn yarışlarda İlkinin ikinci uğurudur.
Şahmatçımıza gələcəkdə də yüksək nəticələr əldə etməsi üçün uğurlar arzulayırıq!
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti