Bu gün Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə pandemiya ilə əlaqədar təxirə salınmış Respublika fənn olimpiadasının respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, tarix, kimya, informatika və biologiya fənləri üzrə final turu keçirilib. Olimpiadada bütün fənlər üzrə şagirdlərə sualları cavablandırmaq üçün 4 saat vaxt verilib.
Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, muxtar respublika üzrə uğur qazanmış 87 şagirddən bu gün keçirilən olimpiadada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 18, coğrafiya fənni üzrə 12, tarix fənni üzrə isə 11, kimya fənni üzrə 10, informatika fənni üzrə 2 və biologiya fənni üzrə isə 11 olmaqla ümumilikdə 64 şagird iştirak edib.
Qeyd edək ki, iyunun 5-də fizika və riyaziyyat fənləri üzrə keçirilmiş final turunda 23 muxtar respublika məktəblisi öz bilik və bacarığını nümayiş etdirmişdir. Bildirək ki, bu il mövcud vəziyyətlə əlaqədar təxirə salınmış Respublika fənn olimpiadasının final mərhələsinin final turlarında iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib. Müəyyən məsafə qorunmaqla və hərarətləri yoxlanaraq binaya daxil olan şagirdlər öncədən dezinfeksiya işləri aparılmış və havalandırılmış otaqlarda tam təhlükəsiz şəraitdə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İnanırıq ki, məktəblilərimiz ötən illərdə olduğu kimi, bu il də mövcud vəziyyətə görə yaranmış çətinliyə baxmayaraq yüksək nəticələr göstərəcək və hər zaman olduğu kimi muxtar respublika məktəblərinin adlarını respublika üzrə ön sıralarda tutacaqlar.
Onu da xatırladaq ki, ötən tədris ilində keçirilən Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə şagirdlərimizdən 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla 25 medal qazanıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti