Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub.
Onlayn ekskursiyada muzeyin bələdçisi dahi şəxsiyyətin çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4700-dən çox eksponat mühafizə olunur. Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır.
Muzeydə nümayiş etdirilən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin tarixi məqamlarını əks etdirən eksponatlar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.