Muxtar respublikada yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi, kimya, biologiya və fizika laboratoriyalarının və fənn kabinələrinin yaradılması təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Göstərilən dövlət qayğısından və yaradılan şəraitdən bəhrələnərək başa vurduğumuz tədris ili ərzində xüsusi istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi,şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq məqsədi ilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilmişdir.Keçirilən tədbirlər istedadlı uşaqların aşkar olunmasına, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılmasına öz töhfəsini vermiş, keçirilən fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalmışdır.
İstedadlı şagirdlərin aşkara çıxarılmasında və təlimdə sağlam rəqabətin yaradılmasında Respublika fənn olimpiadasının müstəsna əhəmiyyəti olmuşdur. Olimpiada 8 fənn-Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib. Bilik yarışına xüsusi istedada və hazırlığa malik IX, X və XI sinif şagirdləri qatılıblar. Respublika fənn olimpiadasının şəhər-rayon mərhələsində 781 şagird iştirak edib ki, onlardan da 218-i yarımfinal turuna, 87-si isə final turunda iştirak etmək hüququ qazanmışdır.
İyunun 5-də və 9-da keçirilən final mərhələsində 87 şagird öz bilik və bacarığını nümayiş etdirmişdir. Olimpiadanın nəticələrinə əsasən muxtar respublikanın şagirdləri olimpiadada yüksək uğurlar qazanmış, şagirdlərdən 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla ümumilikdə 24 nəfər qalib elan olunmuşdur. Qaliblərin 5-i IX sinif, 4-ü X sinif, 15-i isə XI sinif şagirdləridir. Respublika fənn olimpiadalarında əldə edilən 24 medalın 13-ü Təhsil Nazirliyinə birbaşa tabe və Naxçıvan şəhərində yerləşən məktəblərin, 11-i isə rayonların payına düşür.
Muxtar respublikada yaradılan müasir tədris şəraiti gələcəkdə də şagirdlərin uğur qazanacağına əminlik yaradır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti