Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Hər birimiz Vətən dedik” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və Heydər Əliyev adına Hərbi Liseyə sənəd verən şagirdlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması, onlarda vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsindən ibarətdir.
Tədbirdə Təhsil Şöbəsinin metodisti Ələkbər Ələkbərov müasir Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi, onun kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən danışıb.
Daha sonra Böyükdüz kənd tam orta məktəbinin hərbi rəhbəri Ceyhun Məmmədovun “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi günün tələbidir” adlı məruzəsi dinlənilib.
Tədbir hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin rolu, bu sahədə görülən işlər və qarşıda duran məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti