Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin birgə təşkilatçılığı ilə yaxın günlərdə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlərlə maarifləndirici seminarlara start verilib. Pandemiya ilə əlaqədar olaraq bu il ötən illərdən fərqli olaraq seminarlar Təhsil Nazirliyində videobağlantı formatda təşkil edilir.
Qrafikə uyğun olaraq onlayn qaydada keçiriləcək seminarlarda muxtar respublika üzrə gün ərzində müxtəlif saatlarda olmaqla ümumilikdə 419 nəzarətçi müəllim iştirak edəcək. Mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan seminarda Naxçıvan şəhərinin, Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonunun əhatə etdiyi ümumtəhsil məktəblərinin nəzarətçi müəllimləri iştirak edirlər.
Seminarın keçirilməsində əsas məqsəd imtahanda iştirak edəcək nəzarətçi müəllimlərə imtahan təlimatına tam uyğun olaraq protokolların doğru-düzgün aktlaşdırılması, abituriyentlərin təlimata uyğun yerləşdirilməsi və imtahan prosesində qəbul olunmuş digər qaydaların aşılanmasından ibarətdir.
Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə qeyd edib ki, yaxın günlərdə keçirilməsi nəzərdə tutulan imtahanlarda müxtəlif kontingentlər iştirak edəcək. Belə ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə və 9 illik bazadan eksternat qaydada imtahan verən, 11 illik bazadan buraxılış imtahanı verən, 11 illik bazadan eksternat qaydada imtahan verən, əvvəlki il məzunlarının I, II, III, IV və V ixtisas qrupları üzrə sənəd verən abituriyentlərinin birinci mərhələ imtahanı və nəhayət ümumi orta və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər olmaqla 6 kontingent iştirak edəcəkdir.
Bu il mövcud vəziyyətlə əlaqədar olaraq buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklilər olub. Belə ki, ötən illərdə 9 illik bazadan buraxılış imtahanları iki mərhələli - birinci mərhələ açıq, ikinci mərhələ isə qapalı tipli test tapşırıları ilə keçirilirdisə, bu il bəzi regionlar kimi muxtar respublikada da 9 illik bazadan buraxılış imtahanlarının birinci mərhələsində iştirak edən abituriyentləntlər orta ixtisas təhsili müəssisələrinə sənəd verənlər istisna olmaqla ikinci mərhələdə iştirak etməyəcəklər. 11 illik bazadan isə cari ilin məzunları buraxılış imtahanı, əvvəlki ilin məzunları isə imtahanın birinci mərhələsini vermiş olacaq. Qruplara imtahan verəcək abituriyentlərin imtahanlarının ikinci mərhələsi olan blok imtahanlarının isə iyul ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Aparatın rəhbəri onu da vurğulayıb ki, artıq imtahan keçiriləcək məktəblər müəyyənləşdirilib. İmtahanların 27 məktəbdə keçirilməsi nəzərdə tutulduğu üçün əlavə nəzarətçi bazaya ehtiyac yaranıb. Bu seminarı təşkil etməklə biz ilk dəfə imtahanlarda iştirak edəcək nəzarətçi müəllimləri də maarifləndirmiş olacağıq.
Seminarda çıxış edən Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin müdiri Sabir Məmmədov bildirib ki, təlimatda abituriyentin zala daxil olmasından tərk edənəcən təlimati normativlər əks olunub ki, həmin təlimatlara uyğun olaraq proseslərin izlənməsi və protokollaşdırılması nəzarətçi müəllimlər tərəfindən həyata keçirilir. Həmin protokollaşmanın təlimata uyğun qaydada həyata keçirilməsi vacibdir.
Həmçinin bildirilib ki, muxtar respublika şəhər və rayon Təhsil şöbələri tərəfindən imtahandan iki gün öncə nəzarətçi müəllimlərə vəsiqələr və imtahan təlimatı təqdim ediləcək ki, imtahanadək müəllimlər həmin təlimatla ətraflı tanış olacaqlar. Digər proseslər isə imtahanın gedişatında qrafikə uyğun olaraq həyata keçiriləcəkdir.
Qeyd edək ki, imtahan keçiriləcək məktəblər müəyyənləşdirilmiş və əvvəlcədən həmin məktəblərə baxış keçirilmişdir. Məktəblərdə abituriyentlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Belə ki, imtahan başlamadan əvvəl məktəblər dezinfeksiya olunacaq və imtahan zamanı tibbi, iaşə və mühafizə xidmətlərinin təmin edilməsi üçün zəruri işlər həyata keçiriləcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti