Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Muxtar Respublika Stadionunda “26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri arasında kross qaçışı üzrə şəhər birinciliyi keçirilib.
Yarışı Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açıq elan edərək Silahlı Qüvvələr Gününün yaranma tarixindən və dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasətindən danışaraq idmançılara geniş məlumat vermişdir. Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov çıxış edərək idmançılara uğurlar arzulayıb.
2 kilometr məsafədə keçirilən kross yarışının nəticəsinə əsasən, birincilikdə iştirak etmiş 12 idmançıdan 15 nömrəli tam orta məktəbin şagirdi Əliabbas Səfərov I yerə, 16 nömrəli tam orta məktəbin şagirdi Miryusif Seyidbəyli II yerə, 4 nömrəli tam orta məktəbin şagirdi Samir Bağırzadə isə III yerə layiq görülüblər.
Sonda qalib idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti