Bu gün Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Biliyinə güvən” adlı onlayn bilik yarışı keçirilib.
Bilik yarışının keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, asudə vaxtın səmərəli keçirilməsi, məktəblilərin fənlər üzrə biliyinin artırılması və təkmilləşdirilməsidir.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı bildirib ki, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır. Muxtar respublikamız üzrə bütün sahələr üzrə istedadlı şagirdlərin inkişafına daim qayğı göstərilir. İstedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilən müsabiqələr arasında intellektual oyunları, bilik yarışlarını nümunə göstərmək olar.
İki mərhələdən ibarət olan yarışın hər turunda iştirakçılara 8 fənn üzrə 12 sual təqdim olunub, hər düzgün cavaba görə isə 10 xal verilib.
Yarışın yekun nəticələrinə əsasən Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin komandası I, Xok kənd tam orta məktəbinin komandası II, Yurdçu kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb. Qaliblərə yarışın təşkilatçıları tərəfindən diplomlar təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti