22 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Məktəbində muxtar respublika ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərin praktik biliklərinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarının ikinci mərhələsi keçirilib. Sertifikasiya imtahanının ikinci mərhələsində birinci mərhələdə uğur qazanmış 18 müəllim iştirak edib.
Xatırladaq ki, iki mərhələdə keçirilən sertifikasiya imtahanlarının birinci mərhələsi olan test mərhələsi iyulun 20-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilmişdir. Qeydiyyatdan keçmiş 20 müəllimin iştirak etdiyi test mərhələsində test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandıran 18 nəfər müvafiq keçid balını toplayaraq ikinci mərhələdə iştirak hüququ qazanmışdır.
Qeyd edək ki, bu gün keçirilən sertifikasiya imtahanının ikinci mərhələsində uğur qazanan müəllimlər muxtar respublika ümumtəhsil məktəblərində şahmat fənnini tədris etmək hüququ qazanacaqlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti