Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” əsərinin onlayn müzakirəsi keçirilib. Dərnək üzvlərinin iştirakı ilə keçirilən müzakirədə əsərin geniş müzakirəsi aparılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda Texniki Yaradıcılıq Mərkəzində şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlayn məşğələ keçirilmiş, məşğələdə ”Bacarıqlı əllər” dərnəyinin rəhbəri Nüranə İbrahimova milli dəyərlərimizdən sayılan qədim yel dəyirmanı, ondan istifadə qaydalarını dərnək üzvlərinə izah edərək müxtəlif materiallardan istifadə etməklə yel dəyirmanı modelinin hazırlanması qaydasını dərnək üzvlərinə göstərmişdir.
Bu gün Muxtar Respublika Stadionunda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Yeniyetmələrin sağlam həyat tərzinə uyğunlaşdırılması və yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən birincilikdə 12 idmançı iştirak etmiş, 60 metr məsafədə Fuad Quliyev, 100 metr məsafədə Xəyal Fərəcli, 200 metr məsafədə isə Allahverdi Məmmədov I yerlərə layiq görülüb. Sonda yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub. Həmçinin Şərur Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Olimpiya İdman Kompleksində rayon üzrə 10 məktəbdən 20 şagird iştirak etdiyi yüngül atletika üzrə (100 metr məsafəyə) yarış keçirilmiş, nəticəyə görə Zenfira Ağayeva, Aysun Məmmədova, Səbinə Əsgərova, Aysun Yusifova, Nərmin Babayeva, Anar Cəfərov, Arzuman Əliyev, Ehtiram Nəzərov, Məmməd Gözəlov 23 iyul 2020-ci il tarixdə keçiriləcək rayon birinciliyinə vəsiqə qazanmışdır.
Bundan başqa bu gün Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə kompüter dərnəyi üzrə “Əməliyyat sistemləri” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlərin kompüter və sistem proqramları ilə işləmə bacarıqlarını inkişaf etdirmək, əməliyyat sisteminin təsnifatının, əməliyyat sistemi ilə işləmə qaydalarının emalı, aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini öyrətmək idi.
Şahbuz rayon Uşaq Gənclər İdman Məktəbində Azərbaycanda güləşin tarixi, sərbəst güləşin qolları və yunan-roma güləşi haqında dərnək üzvlərinə geniş müəlumat vermək məqsədilə “Azərbaycan güləşçiləri” mövzusunda onlayn dərs, Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə Uşaq Gənclər İdman Məktəbinin yüngül atletika bölməsinin şagirdlərinə elastikliyin və dözümlülüyün artırılması mövzusunda açıq dərs keçirilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti