23 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ekoloji Tərbiyə Mərkəzində “Ekologiyanı qorumaq hər birimizin borcudur” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd məktəblilərdə təbiətə məhəbbət hissi aşılamaq və onların ekoloji biliklərini artırmaq idi. Məşğələdə Mərkəzin dərnək üzvləri və dərnək rəhbərləri iştirak edib.
Mərkəzin dərnək rəhbəri Kəmalə Seyidova məşğələdə şagirdlərin ekoloji biliklərinin artırılması məqsədilə muxtar respublikanın flora və faunasının mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında dərnək üzvlərinə ətraflı məlumat verərək qeyd edib ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faiz təşkil edir. Bu isə hər ilin yaz və payız fəsillərində muxtar respublikamızda keçirilən iməciliklər və ilboyu yaşıllıqlara qulluq göstərilməsi hesabına mümkün olub. Bu sahədə görülən işlər məktəblilərdə təbiətə məhəbbət hissinin formalaşmasına stimul yaradır.
Məşğələnin sonunda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti