Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Bu gün muxtar respublikamızda milli maarifçilik ənənələri saxlanılmaqla, dünya təhsil sisteminə inteqrasiya prosesi gedir. Muxtar respublikamızda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrların hazırlığı, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilməsi, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət mərkəzindədir.
Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır. Məktəb tikintisi təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmır, həmçinin ucqar dağ və sərhəd kəndlərində də ən müasir tələblərə cavab verən, perspektivə hesablanmış yeni məktəb binaları tikilir. İstifadəyə verilən məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırılmış, kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılmış, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda, yüksək intellektli kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmuşdur.
Təhsildə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, tədrisin distant istifadə imkanlarının artırılması, elektron dərsliklərin, təhsil portallarının yaradılması,bir sözlə təhsilin əsas məqsədi- gənclərə düzgün qərarlar qəbul etmək, doğru yol seçmələrini öyrətməkdir. Bu səbəbdən, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, gənclərimiz beynəlxalq layihələrdə uğurla təmsil olunurlar. Naxçıvan Muxtar Respublikasında gənclərin işlə təminatı diqqətdə saxlanılır, onlar ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. İstedadlı gənclərə dövlət idarəçiliyi, ictimai-siyasi və iqtisadi sahələrdə böyük etimad göstərilir, müstəqil dövlətimizin inkişafı, möhkəmlənməsi və müdafiəsində onların potensialından geniş istifadə olunur. Bu isə muxtar respublikada təhsilə göstərilən böyük qayğı kimi gənclərin də məsuliyyət hissini artırır, onları ölkəmizin inkişafı naminə təhsildə böyük uğurlar qazanmağa sövq edir.
2 və 3 iyul 2020-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Şirvan, Ağcabədi, Bərdə, Naftalan, Saatlı, Tovuz, Gədəbəy, Şəki, Şamaxı, Ucar, Qusar, Şəmkir, Qəbələ, İsmayıllı, Zərdab, Şabran, Lerik və Yardımlıda buraxılış və qəbul imtahanları keçirilmiş həmin imtahanların nəticələrinə əsasən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi Hüseynquliyev İlham Əlövsət oğlu 291,8 balla ölkə üzrə birinci, Babək rayon Güznüt kənd tam orta məktəbin şagirdi Quliyeva Fatimə Əlövsət qızı isə 285,3 balla ölkə üçüncüsü olmuşdur.
İlham Hüseynquliyev muxtar respublika fənn olimpiadasında Fizika fənni üzrə 2018-2019-cu tədris ilində I yerə, 2019-2020-ci tədris ilində isə II yerə layiq görülmüşdür.
Fatimə Quliyeva isə 2017-2018-ci tədris ilində muxtar respublika fənn olimpiadasında, 2019-2020-ci tədris ilində isə Respublika fənn olimpiadasında Kimya fənni üzrə III yerə layiq görülmüşdür.
Muxtar respublikada təhsilə göstərilən qayğının davamlı xarakter alması gənclərimizin xarici ölkələrdə təhsil almalarına da geniş imkanlar açır. Muxtar respublika gəncliyinin səsi artıq dünyanın inkişaf etmiş ölkələrinin universitetlərindən gəlir. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə elm, təhsil, mədəniyyət və digər sahələrdə baş verən əsl intibah Azərbaycanın bugünkü inkişafının istinad nöqtəsidir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda təhsil sahəsində qazanılan uğurlar bunu bir daha təsdiqləyir.
Təhsilimiz özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz Heydər Əliyev ideyalarından güc alır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti