28 iyul 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Memarlıq-dizayn dərnəyinin rəhbəri Orxan Əliyev tərəfindən onlayn məşğələ keçirilib. Məşğələdə Eskiz layihələri üzərində 3D perspektiv görüntülərin hazırlanması mövzusunda keçirilən məşğələdə dərnək rəhbəri mövzu ilə bağlı dərnək üzvlərinə ətraflı məlumat verib.
Qeyd edək ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2019-cu ildə fəaliyyətə başlayan Memarlıq-dizayn dərnəyi 12-17 yaş şagirdlər və gənclər üçün nəzərdə tutulub. Dərnək fəaliyyətə başladığı gündən özünə böyük maraq cəlb etmiş və dərnəyə üzv olan şagirdlərdən bir neçəsinin layihəsi “İstedadlı şagirdlər” Albom-kataloqunda yeri almışdır.
Şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə fəaliyyət göstərən “Robotexnika” dərnəyində onlayn məşğələ keçirilib. Dərnək üzvlərinin iştirakı ilə keçirilən məşğələdə dərnək rəhbəri Gülay Əliyeva şagirdlərə robotlar, onların qurulması və idarə edilməsi haqqında ətraflı məlumat verib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda Şərur Rayon Təhsil Şöbəsi və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin qız şagirdləri arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib. Gənclər və İdman İdarəsinin həyətində açıq havada ara məsafəsi saxlanılmaqla keçirilən yarışda 10 şagird iştirak edib. Gərgin və maraqlı keçən yarışın nəticələrinə görə Nəzrin Məmmədova I yerə, Aysun Məmmədova II yerə, Nuray Xəlilova III yerə layiq görülüb. Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Həmçinin bu gün Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qız şagirdləri arasında stolüstü tennis idman növü üzrə açıq havada yarış keçirilib. Yarışda Təhsil Şöbəsinin əməkdaşları, İdman məktəbinin məşqçi müəllimləri və ümumtəhsil məktəblərinin qız şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Arzuman Abdullazadə və Uşaq Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov şagirdlərə tədbirin keçirilməsi haqqında məlumat verərək yarışı açıq elan ediblər.
Yarışın yekun nəticələrinə əsasən Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi İnci Salahova I yerə, Sədərək kənd 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İnci Bağırova II yerə, Sədərək kənd 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Lalə Adınayeva isə III yerə layiq görülüb.
Sonda qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti