30 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib.
Tədbiri Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə açaraq bildirib ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Vurğulanıb ki, məktəblilər arasında şahmatın təbliği və inkişafı məqsədilə məktəbdaxili, rayonlararası və rayon birinciliyi səviyyəsində yarışlar təşkil olunur.
Yarış Kəngərli və Şərur rayonlarından 30 şahmatçının iştirakı ilə keçirilib. Turnirin yekun nəticələrinə əsasən, ümumi yarışda Ayhan Əliyev I, Əli Hüseynzadə II, Yeganə Əhmədova isə III yerə layiq görülüb. 14 yaşadək oğlanlar arasında Emin Rəhimov, 12 yaşadək oğlanlar arasında Azad Xəlilov, 10 yaşadək oğlanlar arasında Ercan Sevdimalıyev I yerə, 12 yaşadək qızlar arasında Leylabəyim Seyidova, 10 yaşadək qızlar arasında İnci Babayeva, 8 yaşadək qızlar arasında isə Sara Qəhrəmanlı I yerə layiq görülüblər. Tempo turnirinin qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti