Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 16-31 iyul tarixləri arasında muxtar respublika ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə onlayn “Hekayə müsabiqəsi” keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd yay tətili ərzində şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməklə yanaşı, məktəbliləri aktiv yaradıcılıq fəaliyyətinə cəlb etmək, onlarda mütaliə mədəniyyətini, özlərini müstəqil bir fərd kimi hiss etmək və fikirlərini rahat ifadə etmək bacarıqlarını formalaşdırmaq, şagirdlərin intellektual səviyyələrini yüksəltmək və söz ehtiyyatlarını artırmaqdan ibarət idi.
Müsabiqədə muxtar respublika məktəblərindən 92 şagird (hər biri bir hekayə ilə) öz hekayəsi ilə iştirak etmiş və hər bir şagirdin hekayəsi Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin instaqram səhifəsində yerləşdirilmişdir.
Müsabiqənin nəticələrinə görə Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Vəliyev Nəriman Rəhman oğlu “Qulağımdan getməyən pıçıltı” hekayəsi ilə I yerə, Şərur rayon 1№-li tam orta məktəbin 5-ci sinif şagirdi Cəfərova İnci İlkin qızı “Qarabağın incisi” və Heydər Əliyev adına tam orta məktəbin 7-ci sinif şagirdi Mirzəyev Tunay Orxan oğlu “Mən səninlə fəxr edirəm şəhidim” hekayəsi ilə II yerə, Naxçıvan şəhər 14№-li tam orta məktəbin 4-cü sinif şagirdi Həşimov İbrahim Məhəmməd oğlu “Mənim sirrim”, Heydər Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Rüstəmli Simuzər Rauf qızı “Gəlincik” və Kəngərli rayon Təzəkənd kənd tam orta məktəbin 9-cu sinif şagirdi Abbasov Məhəmməd Mənsur oğlu isə “Vətən sağ olsun” hekayəsi ilə III yerə layiq görülmüşdür. Həmçinin Naxçıvan şəhər 15№-li tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Cənnət Əbülfət qızı “Ən uca zirvə şəhidlik”, Naxçıvan şəhər 8№-li tam orta məktəbin 5-ci sinif şagirdi İsmayılova Fatimə Heydər qızı “Balaca qəhrəman”, Heydər Əliyev adına tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Asya Cəbrayıl qızı “Bir damla göz yaşı”, Naxçıvan şəhər 8№-li tam orta məktəbin 7-ci sinif şagirdi Babayeva Duyğu Elmar qızı isə “Həsrət” hekayəsi ilə həvəsləndirici yerə layiq görülmüşdür.
Müsabiqənin sonunda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti