Avqustun 11-də Ekoloji Tərbiyə Mərkəzində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə “Sağlam cəmiyyət, sağlam gənclik” mövzusunda onlayn maarifləndirici müzakirə aparılıb. Müzakirənin keçirilməsində məqsəd gəncləri milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək və Beynəlxalq Gənclər Gününün əhəmiyyəti haqqında onlara ətraflı məlumat verməkdən ibarət olub.
Müzakirədə mərkəzin dərnək rəhbəri Səbinə Hacıyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycanda, eləcə də muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edilir, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi yönündə muxtar respublikada gənclərlə iş sahəsində mühüm tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı ilə muxtar respublika gənc istedadlarının “Qızıl kitabı” təsis olunub, kitaba adları yazılmış gənc istedadlar üçün təqaüdlərin verilməsi təsdiq edilib.
Qeyd edilib ki, son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, muxtar respublikanı ölkə və beynəlxalq miqyaslı idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.
Sonda tələbələrlə fikir mübadiləsi aparılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti