Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışda rayonun ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsil alan 22 şahmatçı iştirak edib.
Tədbiri giriş sözü ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bütün şahmatçıları “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edib. O, çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, muxtar respublikada bu sahənin uğurlu inkişafından danışıb.
Yarış “İsveçrə” sistemi ilə şəxsi birincilik formasında keçirilib. Yarışın yekun nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Pərviz Rzayev I, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Salman Cəlilov II, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Tağı Abdullayev isə III yerdə qərarlaşıb.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti