“12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının Kəngərli rayon bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq-gənclər idman məktəbi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə oğlan şagirdlər arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin ahəngdar inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığın və fiziki hazırlığın möhkəmləndirilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarət olub.
Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev qeyd edib ki, Azərbaycan gəncləri iqtisadi yüksəliş nümayiş etdirən bir cəmiyyətdə yaşayırlar. Bu günün reallıqları tələb edir ki, gənclərimiz öz bacarığı, intellekti, sağlam həyat tərzi ilə seçilsinlər. Yarışda rayon ümumtəhsil məktəblərindən 4 komanda iştirak edib. Yekun nəticəyə əsasən, Xok kənd tam orta məktəbin komandası I, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin komandası II, Çalxanqala kənd tam orta məktəbin komandası III, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Eyni zamanda Kəngərli Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” ilə əlaqədar olaraq oğlan şagirdlər arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib. Şagirdlər arasında sağlam həyat tərzinin formalaşdırılması, fiziki aktivlik və yeni istedadların üzə çıxarılması məqsədilə keçirilən yarışı giriş sözü ilə açan Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi Teymur Əsgərov bildirib ki, idman sahəsinin inkişafı hər bir xalqın mədəni inkişafının əsas göstəricilərindən biridir. İdman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna əhəmiyyət kəsb edir. Sosial dəyərlərin inkişafına səbəb olan idman yarışlarında yeni istedadların üzə çıxması idmanın yaradıcı xarakterindən asılıdır. Rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçən oyunun sonunda Mirkazım Seyidov I, Nihad Seyidov II, Pərviz Rzayev III, Zülfüqar Məmmədov isə həvəsləndirici yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıblar.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Bəhruz Kəngərli irsi” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələdə 20-dən çox şagirdin iştirakı təmin edilib. XX əsrdə zəngin bədii irsi ilə Azərbaycan təsviri sənətinə yeni nəfəs gətirən Bəhruz Kəngərlinin həyatını, yaradıcılığını, əsərlərini, sənət irsini vətənpərvərlik nümunəsi kimi şagirdlərə aşılamaqdan və təbliğ etmək məqsədilə keçirilən məşğələni giriş sözü ilə açan dərnək rəhbəri Kübra Hümbətova teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, Azərbaycan rəssamlığının əsasını qoyan, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərlinin bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışdığını, doğma vətənin gözəlliklərini tərənnüm edən görkəmli rəssamın kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda 500-ə yaxın əsərlər yaratdığını qeyd edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti