Avqustun 17-də Naxçıvan Şəhər 16 nömrəli tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib. Görüşdə Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov tədbiri açıq elan edərək bildirib ki, yoldaşlıq görüşünü keçirməkdə məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaqdan ibarətdir.
Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin müdiri və Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbinin direktoru çıxış edərək görüşün qaydaları haqqında məlumat verib və komandalara uğurlar arzulayıblar.
Görüşdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası və “Araz” komandası qarşılaşıb. Maraqlı keçən oyun 3:3 hesabı ilə yekunlaşıb.
Sonda hər iki komandaya təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim edilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti