17 avqust 2020-ci il tarixdə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.
Sərginin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların bacarıq və qabiliyyətlərini üzə çıxarmaqdan ibarət olub.
Qeyd edək ki, Texniki Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən emalatxanada uşaqlar öz bacarıqları müqabilində və əmək müəllimlərinin təlimi əsasında müxtəlif növ (rəsm, tikmə, ağac üzərində oyma, sap və muncuqla toxuma və s.) əl işləri hazırlayırlar. Onların hazırladıqları əl işlərinin cəmiyyətə tanıdılması üçün müvafiq tədbirlər görülür və hazırda təşkil olunan sərgi də bu tədbirlərin davamıdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti