17 avqust 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Nağılı (şeiri, hekayəni) oxunan parça üzrə tanı” adlı onlayn müsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mənəvi mədəniyyətini artırmaq, uşaq ədəbiyyatına maraq formalaşdırmaq, bədii zövqün tərbiyəsi və oxu mədəniyyətini inkişaf etdirmək, intensiv intellektual istiqamətli asudə vaxtın səmərəli təşkili və Azərbaycan uşaq ədəbiyyatı haqqında dolğun təsəvvür yaratmaqdan ibarətdir.
Müsabiqəni giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı bildirib ki, istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin prioritet istiqamətlərindəndir.
İştirakçılar müsabiqənin şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra yarışa start verilib.
Müsabiqədə 12 ümumtəhsil məktəbindən 48 şagird iştirak edib. Şagirdlərə əvvəlcədən Təhsil Şöbəsi tərəfindən göndərilmiş nağıl, şeir və hekayələrdən hazırlanmış 60 sual təqdim olunub. Şagirdlərin aktiv iştirak etdiyi müsabiqədə Qabıllı, Şahtaxtı, Yurdçu, Qarabağlar 1 nömrəli və Böyükdüz kənd tam orta məktəblərinin şagirdləri fərqlənib.
Fərqlənən şagirdlərə Təhsil Şöbəsi tərəfindən diplomlar təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti