Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinə Heydər Əliyev muzeyinə onlayn ekskursiya təşkil olunub. Ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzlərinin 40-dan çox dərnək üzvü iştirak edib.
Ekskursiyanın təşkil edilməsində əsas məqsəd şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı dərnək üzvlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı həyat yolu ilə tanış etmək və onlarda dövətçilik, vətənə, millətə bağlılıq ideyalarını inkişaf etdirməkdən ibarət olub.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində hazırda onlayn dərslər, müsabiqə və yarışların keçiriməsi davam edir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti