19 avqust 2020-ci il tarixdə şagirdlərin yay tətilində asudə vaxtlarını səmərəli təşkil etmək və məktəblilərə vətənpərvərlik və vətəndaşlıq hisslərini aşılamaq məqsədilə şəhər məktəblilərinin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-ə yaxın şagird iştirak edib.
Ekskursiyada ordu qərargahının zabiti palkovnik-leytenant Allahverdi Cabbarov şagirdlərə ətraflı məlumat verərək bildirib ki, ümumi sahəsi 13 min kvadratmetr olan muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 40 adda silah, texnika və qurğular-haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat vertalyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur. Bvildirilib ki, hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti