20 avqust 2020-ci il tarixdə Beynəlxalq Gənclər Günü ilə əlaqədar Əcəmi Seyrəngahında muxtar respublika ümumtəhsil məktəblilərinin X-XI sinif şagirdləri arasında “Naxçıvan abidələr diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilib. 20 nəfər gəncin iştirak etdiyi müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Müsabiqədə Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov, Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və Gənclər Fondunun əməkdaşı Arzu Qasımov çıxış edərək müsabiqənin keçirilməsində məqsədin “Beynəlxalq Gənclər Günü”nün qeyd edilməsi, muxtar respublikanın tarixi abidələrinin tanıdılması, gənclərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi şəraitin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili olduğunu bildiriblər. Həmçinin, muxtar respublikada gənclər üçün yaradılmış şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, müsabiqədə iştirak edən gənclərə uğurlar arzulamışlar.
Sonra iştirakçılar onlara ayrılmış 2 saat ərzində təsviri incəsənət janrında kağız üzərində sərbəst texnika ilə muxtar respublikada mövcud olan tarixi abidələri təsvir ediblər.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Belə ki, Nisəbəyim Babayeva müsabiqənin qalibi olub, Turac Bağırlı və Rauf Əhmədov II yerlərə, Aytac Novruzlu, Nərmin Ələkbərova və Həcər Bəylərova isə III yerlərə layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti