Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.
Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmişdir. 2020-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla ümumilikdə 252 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 95 faizi istilik sistemi ilə işləmişdirsə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 97 faiz təşkil ediləcəkdir.
2020-2021-ci tədris ilinin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilmişdir.
Qeyd olunub ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olmuşdur. Belə ki, 2020-2021-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 211 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi birnövbəli rejimdə işləyəcəkdir. Bu da öz növbəsində tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.
Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 12-də “2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəssisələrin payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı tapşırıqlar verərək demişdir: “Təhsil Nazirliyi tədris prosesi başladığı dövrdən etibarən ümumtəhsil məktəblərində əsas diqqəti dərslərin davamlılığına, eləcə də mövcud vəziyyətə uyğun olaraq müəllim və şagirdlərin sağlamlığının qorunmasına yönəltməli, qazanxanalar işlək vəziyyətə gətirilməli, peşə kursu keçmiş və sertifikat almış ocaqçılar işə götürülməlidir”.
Payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərlərinin birbaşa məsuliyyət daşıdığını vurğulayan Rəhman Məmmədov bildirib ki, nazirliyə birbaşa tabe müəssisələrdə, Şəhər və Rayon Təhsil şöbələrinin tabeliyində olan müəssisələrdə istilik sistemlərindəki nasazlıqlar aradan qaldırılmalıdır. Sertifikatı olmayan ocaqçılar “Qazanxana maşinisti” kurslarına cəlb olunmalı, payız-qış mövsümü ilə əlaqədar təhsil müəssisələrinə veriləcək yanacaq və mal-materialdan səmərəli istifadə təmin edilməli, bütün təhsil müəssisələrində ocaqçı və gözətçilərin tərkibinə bir daha baxılmalı, dövlət mülkiyyətinin qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır. Şəhər və Rayon Təhsil şöbələrində payız-qış mövsümü ilə əlaqədar nəzarət komissiyaları yaradılmalı, müntəzəm reydlər aparılmalı, ocaqçı və gözətçilərin iş vaxtına, geyim formalarına və təhlükəsizlik qaydalarına əməl etmələri nəzarətdə saxlanmalıdır. Təhsil müəssisələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə ilə bağlı müvafiq izahat işləri aparılmalı, istilik sistemi ilə işləyən təhsil müəssisələrində hava şəraitinə uyğun istiliyin tənzimlənməsinə nəzarət edilməli, izafi xərclərə yol verilməməlidir. Təhvil-təslim kitablarının düzgün işlənməsi nəzarətdə saxlanmalıdır.
Təhsil naziri qeyd edib ki, ötən tədris ilində payız-qış mövsümü ərzində təhsil müəssisələrində görülən tədbirlər nəticəsində tədrisin fasiləsizliyi təmin edilmiş, istilik sistemlərində yaranan nasazlıqlar operativ qaydada aradan qaldırılmışdır. Növbəti tədris ilində də payız-qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqlar vaxtında icra edilməli bütün imkanlardan səmərəli istifadə olunmaqla tədrisin fasiləsizliyi təmin olunmalıdır.
Sonra müşavirə məruzə ətrafında çıxışlarla davam edib. Şərur Rayon Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti