21 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Azərbaycanın folklor janrları” mövzusunda onlayn məşğələ keçirilib. Dərsin keçirilməsində məqsəd şagirdlərin biliklərinin möhkəmləndirilməsi, onlarda dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət idi.
Məşğələdə mərkəzin dərnək rəhhəri Ofelya Məmmədova dərnək üzvlərinə Azərbaycanın folklor janrları haqqında məlumat verək bildirib ki, Azərbaycan folkloru kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri olmayan ədəbiyyat, qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Qədim dövrlərdə yaranaraq dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmiş folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Daha sonra şagirdlərin bilikləri yoxlanılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti