25 avqust 2020-ci il tarixdə Muxtar Respublika Stadionunda atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələrin yay tətilində asudə vaxtlarının daha da səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarətdir.
Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Naxçıvan Şəhər UGİM-nin direktoru Məmmədcəfər Əliyev çıxış edərək birinciliyin qaydaları haqqında məlumat verib və idmançılara uğurlar arzulayıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30-a yaxın idmançı iştirak edib. Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə Xəyal Fərəcli I yerə, Fuad Quliyev II yerə, İlkin Qurbanov III yerə, 200 metr məsafədə isə Əliabbas Səfərov I yerə, Nihal İmanov II yerə, Miryusif Seyidbəyli isə III yerə layiq görülüblər.
Sonda yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti