Yaşadığım, boya başa çatdığım qədim tarixə malik olan, hər bir güşəsi sehirli aləmə bənzər, gözəl ana yurdum Naxçıvan haqqında söz söyləmək mənim üçün olduqca qürurvericidir.
Naxçıvanın tarixi ta qədim daş dövrünün ilkin məskəni Qazma mağarasına təsadüf edir. Onun əlverişli coğrafi mövqeyi və təbii sərvətlərlə zənginliyi ən qədim dövrlərdən insanların burada məskunlaşmasına, daş dövrünün özünəməxsus mədəniyyətini yaratmasına səbəb olmuşdur.
Naxçıvanda şəhər mədəniyyətinin izlərini yaşadan ərazilərdən biri də Nuhdaban yaşayış yeridir. Naxçıvan adı məhz Nuhçıxan sözündən yaranmışdır. Naxçıvan o zamankı dövrlərdə bir çox dövlətlərin mübarizə mərkəzinə çevrilmişdir. Tarixə nəzər salsaq, Sasani-Bizans müharibəsinin xilafət dövrünü, Səlcuqlar dövlətini və ən əsası Atabəylər dövrünü qeyd edə bilərik.
Mərkəzi Naxçıvan olan Atabəylər dövləti XII əsrdə öz intibah dövrünü yaşamaqla, demək olar ki, abidələr şəhərinə və o dövrün müdafiə qalaları ilə ən güclü dövlətinə çevrilmişdir. Öz möhtəşəmliyi ilə əvvəlki əsrlərdə olduğu kimi, hal-hazırda da diqqət mərkəzində olan Əlincəqala yürüşlər nəticəsində öz görkəmini itirmişdir. Lakin 11 fevral 2014-cü ildə Ali Məclisin Sədri tərəfindən qalanın bərpa edilməsi haqqında Sərəncam verilmiş və milli-mədəni sərvət kimi qorunma altına alınmışdır. Həmçinin Naxçıvanın müdafiə qalaları kimi tarixdə iz qoyan Oğlanqala, Çalxanqala, Qızqala, Qalacıq, Qazançı kimi qalalarını da xüsusi qeyd etmək lazımdır.
Naxçıvan tarixinə nəzər salsaq görərik ki, elə bir dövr yoxdur ki, Naxçıvanın adı o dövrdə keçməsin. İstər XV əsrdə Ağqoyunlu dövlətinin varlığı dövründə, istərsə də XVI əsrdə Səfəvilər dövründə və mübarizələr getdiyi bir vaxtda zərərçəkən şəhərlərdən biri də məhz Naxçıvan şəhəri olmuşdur. XVIII əsrin ortalarında Azərbaycanda yaranmış 20 xanlıqdan biri də Kəngərli tayfasından olan Heydərqulu xan tərəfindən əsası qoyulan Naxçıvan xanlığı idi.
XIX əsrdə, 1827-ci ildə Naxçıvanı ələ keçirmək məqsədilə burada etnik təmizləmə və ermənilərin köçürülməsi prosesi baş verdi.
XX əsrin əvvəllərində erməni silahlılarının Naxçıvan boylarına girməklə kənd sakinlərini yaralamaları erməni-müsəlman qırğınlarını başlatdı.
1918-ci ildə türk hərbi birləşmələrinin köməyi ilə Andranik Naxçıvanı tərk eetmişdir. XX əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnaqları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirmişlər. Çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış, ona muxtariyyət statusu verilmişdi.
Qars müqaviləsinin tarixdəki yeri və rolu haqqında ümummilli lider Heydər Əliyev demişdi: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Beləliklə, Naxçıvanın muxtariyyət statusu bir neçə mərhələdən keçmişdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu ərazi 1921-ci ilin mart ayının əvvəllərindən başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırıldı.
Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları indiki dövrdə də davam edir. İllər keçsə də demək olar ki, Naxçıvan hər şeyə baxmayaraq öz qüdrətini qoruyur və qəhrəmanlıq xüsusiyyətilə də hər dəfə seçilirdi.
Naxçıvan tarixinin ən qürurlu tarixində dərin izlər qoyan səhifəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Naxçıvan iqtisadiyyatının və xüsusilə kənd təsərrüfatının inkişafinda əsaslı dönüş mərhələsi Ulu öndər Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycan Respublikasına rəhbərliyə gəlməsi ilə bağlıdır. 1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda apardığı siyasətin əsas prinsiplərindən biri də yüksək təhsilli mütəxəssislərin və bacarıqlı kadrların irəli çəkilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi idi. Ulu öndərin mənalı, keşməkeşli Vətənindən uzaqda olmasına baxmayaraq daim öz Vətəni üçün çalışan, Moskva dövrü onu 1990-cı ildəki hadisələrə görə öz doğma yurdu, Azərbaycana gətirdi. Beləliklə, Heydər Əliyevin həm Naxçıvan, həm də Azərbaycanın taleyini həll etmək missiyası başlandı. Ən çətin günlərini yaşayan naxçıvanlılara sanki bir ümid doğdu. Naxçıvan əhalisi çıxış yolunu Heydər Əliyevdə görürdü. Ağır blokada illərində Ulu öndərin nüfuzlu, uzaqgörən siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası və Türkiyə Respublikası ilə əlaqəliyi yaradıldı. Bütün bu fəaliyyətlər Naxçıvanla bərabər Azərbaycanın taleyinin də həll edilməsinə bir növ yol açdı. Beləliklə, Naxçıvanla yanaşı Heydər Əliyevin Azərbaycan yolu başlandı. Xalqımızın görkəmli şəxsiyyəti Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan onu gözləyən fəlakətlərdən xilas oldu. Öz sevgisilə Naxçıvana bağlı olan dahi şəxsiyyəti, Heydər Əliyevi çətin iş rejimi gözləyirdi. Lakin Vətən eşqi onun gözünü qorxutmadı. Beləliklə, Naxçıvanın bir o qədər də qürurlu, bir o qədər də zəhmətkeşliyi, öz doğma yurduna bağlılığı ilə daim onun yanında olan Heydər Əliyev məktəbinin davamçısı Vasif Yusif oğlu Talıbov 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi.
Qısa müddət ərzində muxtar respublikanın həyatının bütün sahələrində canlanma müşahidə olundu. Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Muxtar respublikada işgüzar mühit və sağlam iş şəraiti yaradıldı.
Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvanın qədim tarixi öyrənilir, tətbiq olunur, tarixi abidələr bərpa olunur. Naxçıvan Muxtar Respublikası beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir.
Muxtar respublikanın erməni təcavüzündən qorunmasında, ərazi bütövlüyünün daha da möhkəmləndirilməsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yaradılması və inkişaf etdirilməsi tam təminat vermişdir. Əlbəttə ki, bunların asanlıqla başa gəlməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gərgin əməyi sayəsində Naxçıvan Muxtar Respublikası inkişaf etmişdir.
Təhsil hər bir millətin gələcəyini müəyyən edir. Muxtar respublikanın rəhbərliyi təhsili inkişaf etdirib, modernləşdirmək üçün məqsədyönlü, irimiqyaslı, ardıcıl siyasət aparır. Yeni tipli məktəblərin tikilməsi, yolların çəkilməsi bir növ xalqımıza olan diqqət və qayğının nəticəsidir. Hal-hazırda ən ucqar rayon və kəndlərdə belə müasirtipli məktəblərin tikilməsi demək olar ki, şagirdlərin savadlı yetişdirilməsinə geniş imkanlar açır.
Bu gün muxtar respublika, demək olar ki, təhsilimiz ən yüksək nöqtəsindədir. Hər il şagirdlərimizin əldə etdiyi nailiyyətlər bunun göstəricisidir. Bu nailiyyətlər biz müəllimləri də olduqca sevindirir. Və bunun üçün Cənab Sədrimizə minnətdarlıq edirik!
Nurlana HƏSƏNOVA
Heydər Əliyev adına tam
orta məktəbin tarix müəllimi