Fəaliyyət göstərdiyim Naxçıvan Qarnizonu tam orta məktəbində 600-dən çox şagird təhsil alır. Tədris ocağında əlamətdar və tarixi günlərlə, milli-mənəvi dəyərlərlə bağlı keçirdiyimiztədbirlər davamlı xarakter alıb.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Biz şanlı tariximizlə, ölməz qəhrəmanlarımızla tarixin bütün dövrlərində fəxr etmişik və bu gün də fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını fəda edən – Mübariz İbrahimovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Çingiz Mustafayevin, Yusif Mirzəyevin, Mikayıl Cəbrayılovun, Qabil Orucəliyevin, Rasim Məmmədovun və onların şəxsində yüzlərlə qəhrəmanımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plandadır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Bu baxımdan məktəbimizdə Gənclərin çağırışaqədərki hazırlığı fənni yüksək səviyyədə tədris olunur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır. X-XI sinif şagirdlərinə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsi, onların ordu həyatı ilə tanışlığı diqqət mərkəzində saxlanılır, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarına böyük önəm verilir. Vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılması yüksək şəkildə həyata keçirilir. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zamanzaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətləri haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Bu onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Məktəbdə qan yaddaşımızla bağlı, xüsusilə Aprel döyüşlərinə, Günnüt zəfərinə həsr olunan tədbirlərin keçirilməsində şagirdlərimiz yaxından iştirak edir, bütün bacarıqlarını ortaya qoyaraq əsl vətənpərvərlik nümunəsi göstərirlər.
Ümummilli lider Heydər Əliyev müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini qürur hissi ilə belə vurğulayırdı: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, onu sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Ulu öndər Heydər Əliyevin fikrincə, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə, vətənpərvərlik ruhudur. İbtidai siniflərdə bu mövzuda şeirlər öyrənən, keçirilən müxtəlif tədbirlərdə məlumat əldə edən şagirdlər V sinifdə artıq geniş və sistemli şəkildə tarixi biliklər qazanır. Kimlərə şəhid deyilir, şəhidlik zirvəsi, buna çatmağın yolları, xalqımızın and yeri, qan yaddaşı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, təkrarlanan tarix kimi məfhumlar dərs zamanı şagirdlərə izah edilir. Uşaqlarımızın təlim-tərbiyəsi yolunda atdığımız hər bir mütərəqqi addım onların sağlam bədənli, sağlam ruhlu, hərtərəfli inkişaf etmiş bir gənc kimi yetişməsinə töhfədir.
Şagirdlərin fiziki tərbiyəsinin düzgün aparılması da onların fiziki kamilliyinə yol açır. Məktəbimizin fiziki tərbiyə müəllimləri bu dərslərin optimal təşkilinə, perspektiv planlaşdırmanın tələbləri səviyyəsində qurulmasına çalışır,şagirdlərin fiziki cəhətdən sağlam formalaşmasında bütün imkanlardan məharətlə istifadə edirlər.
Məktəbimiz 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının 47 məktəbi arasında keçirilən “Vətənimizə xidmət edək, şagirdlərin Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, hərbi dərslərə innovativ yanaşma” mövzusu ilə IV Qrant müsabiqəsində iştirak edib. Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədovun üzərində işlədiyi layihə müsabiqədə yer tutub. Layihədə şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi, Azərbaycançılıq məfkurəsinə sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi məsələsi əsas məqsəd kimi qarşıya qoyulub. Yeni dərs ilində layihədə nəzərdə tutulan məsələlərin məktəbimizdə tətbiq edilməsi müəllimlərin məsuliyyətini daha da artıracaq.
Təhsil ocağının bütün pedaqoji kollektivi böyük səylə şagirdlərə vətənpərvərlik tərbiyəsinin yüksək şəkildə aşılanmasını gündəlik vəzifə kimi qarşıya məqsəd qoyub. Sağlamdüşüncəli, vətənpərvər gənclərin yetişdirilməsində bundan sonra da potensial gücümüzdən tam şəkildə istifadə edəcəyik.
Ulduz EYVAZOVA
Naxçıvan Qarnizonu tam orta
məktəbinin tarix müəllimi