Yeni tədris ilindən milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Təhsil Kursları” MMC abituriyent istiqaməti üzrə öz fəaliyyətinə başlayacaqdır. Naxçıvanda təhsilin inkişafına yardım göstərmək, Naxçıvan təhsilini təbliğ etmək və istedadlı gəncləri təhsil sistemində düzgün istiqamətləndirmək, Naxçıvanın orta, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərinə təhsilin sonrakı pilləsinə qəbul olmaq üçün imtahanlara hazırlaşmaqda köməklik göstərmək, muxtar respublikanın daxilində tətbiq edilən digər imtahanlara, xarici ölkələrdə təhsillə bağlı olan və imtahanla qəbul edən təhsil qurumlarının qoyduğu tələblər əsasında hazırlıqlar və maarifləndirmə işləri apararaq təhsilin inkişafına xidmət göstərmək məqsədilə yaradılan “Təhsil Kursları” Naxçıvan şəhər Atatürk prospekti 31 ünvanında fəaliyyət göstərəcəkdir.
“Təhsil Kursları” hər il təhsillə bağlı müxtəlif imtahanlara hazırlaşanları qəbul edəcək və burada tədris olunan dərslər həftəlik Dərsi Qiymətləndirmə Testləri (DQT), aylıq Mövzu Qiymətləndirmə Testləri (MQT) və Ümumi Qiymətləndirmə Testləri (ÜQT) ilə yoxlanılacaq. Həmçinin üzvlərinin daha rahat vəsaitləri əldə etmələri üçün “Təhsil Kursları” elmi-metodik vəsaitlərin hazırlanması, nəşri və yayımlanmasını da həyata keçirəcəkdir.
VIII, IX, X və XI sinif şagirdləri üçün abituriyent hazırlığı nəzərdə tutulan kurslarda dərslər yeni təhsil sənədləri (Kurikulum) əsasında hazırlanmış proqramlar, təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu müəllimlər tərəfindən keçiriləcəkdir. Lazımi tədris şəraiti və müəyyən fənlər üçün elektron avadanlıqlarla təmin olunmuş sinif otaqlarında şagirdlər rahat təhsillərini artırmaq, eləcə də dərs fasilələrində yeməkxanadan istifadə etmək imkanı əldə edə bilərlər.
Qeyd edək ki, sentyabrın 5-də 2020-2021-ci tədris ili üçün fənlər üzrə “Təhsil Kursları”na qəbul imtahanı keçiriləcəkdir. Qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər avqustun 27-dən sentyabrın 5-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etməlidirlər. Həmin qəbul imtahanında öz fəallığı ilə seçilən şagirdlərdən 651-700 bal toplayan şagirdlər 75%, 601-650 bal toplayan şagirdlər 50%, 551-600 bal toplayan şagirdlər isə 25% güzəştli təhsil almaq imkanı qazanacaqlar.
Muxtar respublikada yeni təhsilalma imkanları ilə seçilən “Təhsil Kursları”ı fəaliyyəti ilə öz üzvlərinin biliklərinin artmasına tam təminat verir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti